BSU-nun rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Slavyan Universitetinin Tədbirlər Planına uyğun olaraq təşkil olunan “Yay məktəbi”nin iştirakçı tələbələri ilə görüş keçirib
BSU-dan "Tehsil.biz" ə bildirilib ki, İyulun 15-dən etibarən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Slavyan Universiteti (BSU) və Lənkəran Dövlət Universiteti (LDU) tələbələri üçün Lənkəran şəhərində təşkil olunan “Yay məktəbi” öz işini davam etdirir.
“Yay məktəbi”nin üçüncü günündə BSU-nun rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov tələbələrlə görüş keçirib. Görüş zamanı rektorlar iki universitet arasında möhkəmlənən əlaqələrdən və yay məktəbinin tələbələrə qazandırdığı geniş təcrübədən bəhs edərək, gələcəkdə də BSU və LDU tələbələrinin iştirakı ilə daha geniş tərkibdə yeni yay məktəblərinin təşkilinin və universitetlər arasında tələbə mübadiləsinin mümkünlüyünü vurğulayıblar.
BSU-nun rektoru Anar Nağıyev tələbələrə "İqlim dəyişikliyi və insan inkişafı" mövzusunda seminar keçib. İqlim dəyişikliyinin səbəb olduğu ekoloji təsirlərdən və bu təsirlərin insan inkişafına olan təsirindən bəhs edən A.Nağıyev həmçinin COP29-un Azərbaycanda keçirilməsinin önəmi və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə artan rolu barədə geniş məlumat verib.
Görüşdən sonra tələbələr Lənkəranda yerləşən çay plantasiyasına ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr çay plantasiyasının iş prosesi, çayın yığılması, emalı və qablaşdırılması mərhələləri haqqında ətraflı məlumat alıblar. Bu praktiki təcrübə tələbələrin nəzəri biliklərini genişləndirmək və kənd təsərrüfatı sahəsində dərin anlayış əldə etmək üçün əvəzsiz bir fürsət olub.
Belə tədbirlər tələbələrə nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək və müxtəlif universitetlərin tələbələri arasında əlaqələri gücləndirmək imkanı yaradır.
Qeyd edək ki, “Yay məktəbi” iyulunn 15-dən başlayaraq iyulun 19-dək davam edəcək